Sosial tərəfdaşlıq əmək bazarında balansın qorunması, işçilərin hüquqlarının müdafiəsi və rifahının artırılması üçün mühüm mexanizmdir. Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı bu istiqamətdə müxtəlif tərəfdaşlarla əməkdaşlıq edir, birgə layihələr həyata keçirir və əməkdaşlıq protokolları imzalayır.

Azərbaycanda işçilərlə işəgötürənlər arasında sosial dialoqun əsası hələ 30 dekabr 1904-cü ildə bağlanmış ilk kollektiv sazişlə qoyulmuşdur. Müasir dövrdə isə ölkədə sosial dialoq əsasən üçtərəfli münasibətlər formatında həyata keçirilir. Bu formatın tərəfləri Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır.

Azərbaycan 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv olmuş və onun bir çox mühüm konvensiyalarını, o cümlədən “Üçtərəfli məsləhətləşmələr (beynəlxalq əmək normaları) haqqında” 144 nömrəli Konvensiyasını ratifikasiya etmişdir. Bu çərçivədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sosial və iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsi hazırlanmış və Komissiyanın təsis edilməsi qərara alınmışdır.

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı da bu əməkdaşlıq mexanizmlərində fəal iştirak edir, üzvlərinin sosial-iqtisadi maraqlarını qorumaq üçün dövlət qurumları və işəgötürənlərlə davamlı dialoq aparır.

Əsas Tərəfdaşlar və Əməkdaşlıq Sahələri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Əmək qanunvericiliyinin təkmilləşdirilməsi
  • Sosial müdafiə proqramlarının icrası
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)
  • Kollektiv müqavilələrin hazırlanması
  • İşçilərin hüquqlarının müdafiəsi sahəsində birgə tədbirlər
Beynəlxalq Əmək Təşkilatı (BƏT)
  • Beynəlxalq əmək standartlarının tətbiqi
  • Təlim və seminarların təşkili